Süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş Veloyürüş keçirilib
“Çəhrayı Oktyabr” – Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində Referans Medical Group-un təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi və APAR şirkətinin dəstəyi ilə “Süd vəzi xərçənginə birlikdə YOX deyək!” şüarı altında veloyürüş keçirildi.
Dənizkənarı Bulvar ərazisində baş tutan aksiya qadınların həmrəyliyini, gücünü və sağlamlığa olan diqqətini simvolizə etdi. Tədbirdə süd vəzi xərçənginə qarşı mübarizəyə diqqət çəkmək və erkən diaqnostikanın vacibliyini vurğulamaq məqsədilə 70-dən çox xanım iştirak etdi və çəhrayı rəng altında bir amal ətrafında birləşdi.
Veloyürüşün sonunda keçirilən seminarda tədbirin əsas dəstəkçilərindən biri — Onkoloq–Mammoloq, PhD, Op. Dr. Günay Əhmədova iştirakçılara süd vəzi xərçənginin profilaktikası və erkən müayinənin əhəmiyyəti barədə məlumat verdi.
Referans Medical Group olaraq biz hər zaman cəmiyyətin sağlamlığının qorunması, maarifləndirilməsi və qadınların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində sosial təşəbbüsləri dəstəkləməyə davam edirik.
Bu gün biz pedalları çevirərək, əslində, ümidə, gücə və sevgi dolu bir gələcəyə doğru irəlilədik.
Erkən müayinə həyatı xilas edir. Heç bir xanım süd vəzisini itirməsin!